Bütün xəbərlər
Karateçilərimiz 2-ci Avropa Oyunlarında iştirak üçün təlim-məşqlərə yola düşüb
Tarix: 27-05-2019 17:13 | Bölmə: Digər



İyunun son günləri Minskdə 2-ci Avropa Oyunlarında iştirak edəcək karateçilər və milli komandanın əvəzedici heyətinin bir sıra üzvü müxtəlif ölkələrdə təlim-məşqlərə yola düşüb.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə Çinin Honq Konq şəhərinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq) yer alıb. İyunun 5-dək təlim məşqlərdə olan karateçilər oradan birbaşa 7-9 iyunda Çinin digər şəhəri Şanxaya Karate1 Premyer Liqasına yollanacaqlar. Bu mötəbər yarışda onlara Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) da qoşulacaq.
Rafael Ağayev (-75 kq) zədəli olduğundan təlim-məşq və qarşıdakı turnirdən azad olunub. Oyunların daha bir iştirakçısı Nuranə Əliyeva (-50 kq) və digər heyət üzvləri, Bakıda milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevlə hazırlıqlarını davam etdirəcək. Beynəlxlaq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edən referilər arasında olacaq.
2-ci Avropa Oyunlarına vəsiqə qazanan digər idmançılarımız Roman Heydərov kata üzrə baş məşqçi Vahid Ayvazovla birgə 26 maydan 3 iyunadək Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edəcək. İrina Zaretska (-68 kq) ilə qadınların baş məşqçisi Denis Morozov isə 31 may-3 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində hazırlıqlarda olacaq.
Milli komanda 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcək.


Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər