22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Samir Abasov: "Maltanı sakitlik və sabitlik hesabına məğlub etmək olar"
Tarix: 10-09-2018 14:39 | Bölmə: Digər

                          

 "Azərbaycan və Kosovo millilərinin oyununda komandaların bir-birindən çəkindiklərini deməzdim. Hər iki kollektiv uduzmağı böyük bir dərd kimi qəbul edəcəkdi. Birinci hissədə komandamız bir az ehtiyatlı oynadı. İkinci hissədə isə oyunu ələ aldıq və Kosovo yığması müdafiəyə çəkildi". 
Bunu "Report"a açıqlamasında "Zirə" klubunun baş məşqçisi Samir Abasov Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçı barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis həmin qarşılaşmada iki fərqli hissə izlədiyini sözlərinə əlavə edib: "Birinci hissədə rəqib bir az yaxşı oyun sərgilədi, ikinci hissədə isə bizim oyunçular. Hər iki kollektiv eyni gücdədir. Görünən odur ki, bu qrupda iki favorit var. Malta və Farer adalarını da hesabdan silmək olmaz. Ən azından Maltanı da. Eşitdiyimə görə, Maltada Farer adalarına məğlub olduqlarına görə, məşqçilər və oyunçuların üzərində təzyiqlər var. Bunları mətbuatdan oxuyuram".
S.Abasov Azərbaycan yığmasının Millətlər Liqasının II turunda səfərdə Malta ilə keçirəcəyi oyunu da dəyərləndirib: "Malta ilə matçımız həddindən artıq çətin olacaq. Fikrimcə, rəqib bir az aqressiv ola bilər. Birinci oyunda heç-heçə etmişik. Hələ ki, heç nə itirməmişik. İlk oyunda heç-heçə etdiyimiz Kosovonu da rəqib meydanında məğlub etmək olar. Düşünürəm ki, milli komandamız buna qadirdir".
"Zirə" klubunun baş məşqçisi Maltanı məğlub etməyin yollarına da toxunub: "Rəqibi sakitliyin hesabına məğlub edə bilərik. Maltadan aqressiv oyun gözləyirəm. Çünki ilk turda səfərdə məğlub olub. Komandanın üzərində təzyiqlər var. Baş məşqçi Rey Farruciyanın fikirlərinə əsasən deyirəm. Bəzi müsahibələrində isə qələbə qazanacaqlarını söyləyib. Biz həm sakitliyimiz, həm də sabitliyimizə görə bu oyunun öhdəsindən gələ bilərik".
Qeyd edək ki, Ta Qali Milli stadionunda təşkil olunacaq Malta - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-da başlayacaq. 


Baxış sayı: 679


Bölməyə aid digər xəbərlər