23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Bakıda 25 yaşlı nəvənin 77 yaşlı nənədən amansız qisası
Tarix: 03-08-2019 13:46 | Bölmə: Cəmiyyət
                    

Tamah məqsədilə 77 yaşlı nənəsini amansızlıqla qətlə yetirən, cinayətin izi itirmək üçün nənə-babasının yaşadığı evi yandıran 25 yaşlı gənc ömrünün 19 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Baba məhkəmədən qatil nəvəsi üçün ən ağır cəzanın verilməsini istəyib. Nəvə törətdiyi qorxunc əmələ görə özünü təqsirli bilib, amma nənəsini qisas almaq üçün öldürdüyünü iddia edib. Səbəb isə pul və mülk davasıdır. Hansı ki, törədilən ən qəddar cinayətlərin kökündə məhz bu dayanır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində nənəsini öldürməkdə, onun yaşadığı mənzilə od vurmaqda ittiham olunan 25 yaşlı Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanında yanğın baş verib.
Yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 77 yaşlı Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Nəsimi rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən mərhumun nəvəsi Eldar Əfəndiyev tutularaq istintaqa cəlb olunub.
 
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq)  və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəlləri ilə ittiham irəli sürülüb.
Nənəsini öldürdükdən sonra mənizilə od vurub
İstintaq yolu ilə müəyyən edilib ki, Eldar Əfəndiyev nənəsi Tamilla Axundovanın ona pul verməkdən, həmçinin yaşadığı evdən anasına pay verməkdən imtina etməsi səbəbindən ona məxsus qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəlib. Nənəsini öldürüb, onun yaşadığı evə od vurmağı planlaşdıran Eldar səhər saatlarında özüylə dizel yanacağı götürərək evdən çıxıb. Qapını onun üzünə də elə nənəsi özü açıb. Evə girər-girməz mətbəxə keçib bıçaq götürən Eldar yaşlı nənəsinə çoxsaylı zərbələr endirib. Yaşlı qadına 9 bıçaq vuran nəvə onun öldüyünə əmin olduqdan sonra yataq otağındakı dolabların altını üstünə çevirib. Dolabdan götürdüyü ümumilikdə 22 min manat məbləğində zinət əşyalarını selefona büküb, cibinə qoyub. Özüylə gətirdiyi dizeli otağa səpib, alışqanla od vurub.
 
Qapıdan çıxarkən nənəsinə məxsus telefonları da götürməyi unutmayıb.
...Tamilla arvadın mənzilindən qatı tüstü çıxdığını görən qonşular hadisə yerinə yanğınsöndürən çağırıblar. Mərhumun qızı Məlahətə zəng vuraraq atası evinin yanmasını xəbər veriblər. M.Axundova öz növbəsində atasına zəng vurub hadisə barədə onu məlumatlandırıb. Yanğın söndürüldükdən sonra evə girən M.Axundova sobanın yanında anasının yanmış meyitini, bacısı oğlu Eldara məxsus şəxsiyyət vəsiqəsini və bir neçə qızıl əşyalarının yerə dağıldığını görüb.
Nəvə pulları masaj salonunda sağa –sola xərcləyib
Eldar nənəsinin qızıllarından yalnız bir ədəd boyunbağını sata bilib. Yerdə qalanları satmağa macal tapmayıb. Qızıl boyunbağını 1180 manata satan Eldar dostuna da, özünə də əyin-baş alıb. Daha sonrasa birlikdə “Əcəmi” metrostansiyası yaxınlığındakı masaj salonuna gedərək istirahət ediblər. Onlar pulların bir qismini masaj salonundakı qızlara, bir qismini isə pal-paltara xərcləyiblər.  
 
“Məqsədim qisas almaq olub”
Təqsirləndirilən Eldar Əfəndiyev ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Nənəsini öldürdüyünü, qızıl-zinət əşyalarını apardığını etiraf etsə də, məqsədinin qisas almaq olduğunu söyləyib: “Cinayəti mən törətmişəm. İstintaq zamanı verdiyim ifadələri də təsdiq edirəm. Nənəm öz mülkündən anama və mənə pay vermədiyi üçün məqsədim qisas almaq olub. Bu səbəbdən də onu öldürmüşəm, izi itirmək üçün evi yandırmışam. Başqa heç nə demək istəmirəm”.
 
Baba nəvəsinə ən ağır cəza tələb edir
Zərərçəkmiş Yaqub Axundov ifadəsində hadisə baş verən gün səhər tezdən işə getdiyini, təxminən bir saat sonra ona zəng vuraraq yaşadığı evin yandığını xəbər verdiklərini deyib:” Qızım Məlahət zəng vurub tez evə gəlməyimi bildirdi. Ondan anasının harada olduğunu soruşdum. Məlahət dedi ki, anamı görməmişəm. Evə gəlib çatanda gördüm ev tamam yanıb, arvadım da içəridə yanıb”.
Zərərçəkmiş nəvəsi E.Əfəndiyevdən şikayətçi olduğunu deyib və məhkəmədən ona qanunla nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsini istəyib.
 
Məhkəmənin hökmü ilə Eldar Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il azadlıqdan məhrum edilib.
 


Baxış sayı: 513


Bölməyə aid digər xəbərlər