Bütün xəbərlər
“Qurbaşı” dəstəsinin sağ qalan üzvləri - Ombudsman birini şəxsən tanıyır
Tarix: 25-04-2019 11:34 | Bölmə: Cəmiyyət



Oxu.Az kriminal tarixdə dərin iz qoymuş səs-küylü cinayət işləri və kriminal aləmin nümayəndələri barədə silsilə materialların dərcinə başlayır. 
Bu dəfə “qanundankənarlar”ın həyatının bəzi gizli aspektlərini işıqlandıracaq, Azərbaycanda cinayətkarlığa qarşı mübarizədən söz açacağıq.
Yəqin ki, çox az adam Qobustan qapalı həbsxanasında hazırda əfsanəvi “Qurbaşı” dəstəsinin üzvləri - Çingiz Paşayev və Əli Quliyevin cəza çəkdiyini bilir. Bu cəzaçəkmə müəssisəsinin divarları arasında zaman olduqca ləng gedir, bir dəqiqə əsrə bərabərdir. Dəmir barmaqlıqlar arxasında keçirilən 30 il bir ömrün yarısına bərabərdir. Paşayevlə Quliyev həbsxanada məhz bu qədər cəza çəkib. İndi onlar cinayət işinə yenidən baxılacağına və cəzalarının yüngülləşdiriləcəyinə ümid edirlər.
Ölüm cəzasına məhkum olunmuş “Qurbaşı” dəstəsinin beş üzvündən yalnız Paşayev və Quliyev sağ qalıb. Dəstənin başçısı Babayev Qurbanəli Bayıl həbsxanasının “edam cəzasına məhkum olunmuşların beşinci korpusu”nda canını tapşırıb. Firudin Rufullayev və Gülağa Məmmədov həbsxananın divarları arasında dünyasını dəyişib.
Azərbaycanın hüquq-müdafiə mərkəzinin direktoru Eldar Zeynalov Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Qurbaşı” işinin Azərbaycanın ədliyyə praktikasının ən qalmaqallı cinayət işlərindən olduğunu söyləyib.
“Qurbaşı” soyğunçulardan ibarət dəstə idi. Onlar Sovet respublikalarında əməkhaqlarının verilməsi vaxtı kassaları soyaraq, sonradan Azərbaycana qayıdır və bir müddət “saya otururdular”. Məhz buna görə Sovet hüquq-mühafizə orqanları uzun müddət cinayətkarların izinə düşə bilməyib.
Ombudsman Elmira Süleymanova “Qurbaşı” dəstəsinin ömürlük azadlıqdan məhrum edilmiş bir üzvünü şəxsən tanıyır.
Maraqlıdır ki, dəstə üzvlərinin beşi də Azərbaycan SSR Milli Elmlər Akademiyasının Neft-Kimya İnstitutunun təcrübə-sənaye zavodunda işləyib. Zeynalov bildirib ki, onlardan birini – Əli Quliyevi ombudsman Elmira Süleymanova şəxsən tanıyır. Bir vaxt Quliyev sifariş əsasında onun elmi işi üçün cihaz hazırlayıb. 11 il ərzində Quliyev kimyəvi məhsulların hazırlanması üzrə qurğuda ən yüksək – beşinci dərəcəli baş əməliyyatçı işləyib, istehsalat müəssisəsinin qabaqcıl işçilərindən olub, onun şəkli zavodun şərəf lövhəsindən asılıb. Heç kimin təsəvvürünə belə gəlməzdi ki, belə nümunəvi insan kassaları yara, insanları qətlə yetirə bilər.

Dövlət ittihamçıları “Qurbaşı” dəstəsinin üzvlərinin yalnız bir neçə ittiham üzrə (onlardan ikisi qətllə bağlı olub) mühakimə olunmasına nail olub, halbuki hüquq-mühafizə orqanları onları onlarla ağır cinayət törətməkdə şübhəli bilirdi.
Dəstə üzvləri yönləndirmə əsasında fəaliyyət göstərib. Onlara maaşların veriləcəyi ərəfədə hansı kassaya nə vaxt pul kütləsinin daxil olduğu ilə bağlı məlumatlar çatdırılıb. Öz mənbələrindən məlumatları aldıqdan sonra dəstə üzvləri işdən bir neçə günlük icazə alaraq maşınla qonşu respublikalardan birinə yollanır, kassaları qarət edir və müqavimətlə rastlaşdıqda ağına-bozuna baxmırdılar. İlk dönəmlərdə hüquq-mühafizə orqanları bu qarətlərin bir-biri ilə əlaqəli olduğunu düşünmürdü. Ancaq bütün sirlər gec-tez açılır.
1989-cu ilin əvvəlində 14 nəfərdən ibarət qrup həbs olunur. Ən son saxlanılan Quliyev və Paşayev olur. 14 müttəhimdən beşi ən ağır cəza – ölüm cəzasına məhkum edilir. Yeri gəlmişkən, dəstə üzvləri üç ayrı SSRİ ərazi subyektinin Cinayət Məcəlləsi əsasında mühakimə olunub. Azərbaycan SSR-nin Cinayət Məcəlləsinə (1984-cü il redaksiyası) əsasən, yuxarıda qeyd olunan şəxslər quldurluqda, iri məbləğli talanda, ağır hallarda dəstə şəklində qəsdən adam öldürmə, qəsdən adam öldürmənin təşkili, həyata keçirilməsi və iştirakda təqsirləndirilib. RSFSR Cinayət Məcəlləsi üzrə onlara quldurluq, qəsdən adam öldürmədə iştirak kimi ittihamlar tövsif olunub. Dəstə üzvləri, bundan başqa, Gürcüstan Respublikasının Cinayət Məcəlləsi əsasında mühakimə olunub.

Cinayət işi materiallarına əsasən, 29 noyabr 1984-cü ildə gecə saatlarında Əli Quliyev onunla əlbir olan üç nəfərlə birlikdə Gürcüstanın Laqodexi rayonunun İnkikori kəndinə yollanıblar. Orada “Drujba” kolxozunun xidməti binasına basqın edərək, linglə seyfi dağıdaraq, içində olan 6086 rublu oğurlayıblar.
Həmin hadisənin üzərindən üç il keçir. 1987-ci il sentyabrın əvvəlində 23:00 radələrində Voronejdə Adəm Məmmədov adlı azərbaycanlı öldürülür. Məmmədov altı nəfərdən ibarət dəstənin növbəti quldurluq əməli zamanı həyatını itirir. Quliyev həmin dəstədə yer alsa da, istintaq zamanı onun qətldə iştirakı sübuta yetirilməyib.
Məmmədovun qətlindən bir neçə gün sonra – sentyabrın 9-da dəstə Gürcüstanın Bolnisi rayonunun Kazareti qəsəbəsinə yola düşüb. Orada silahlı qarət zamanı Koseşvili dövlət qurumunun mühafizəçisi qətlə yetirilir. Ancaq oradan quldurlar əliboş, qanıqara qayıtmalı olurlar, belə ki, kassanı yara bilmirlər.
Noyabrın 4-də (1987) gecə saat 02:00 radələrində Stavropol diyarının Koçubekovski rayonunun Vrevsk kəndinə gəlirlər. Onlar qarovulçu Zabolini ölümlə hədələyərək, iri məbləğdə dövlət əmlakını oğurlayırlar.
1987-ci ilin dekabr ayında isə Binəqədi rayonu ərazisində Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Nəsirov Azər Vəli oğlu silahlı hücuma məruz qalır. Nəsirov səhər tezdən evdən çıxıb işə yollanan zaman maşına mindiyi əsnada ona bir neçə “Naqan” tipli tapançadan atəş açılıb. Cinayətkarlar Nəsirovun öldüyünü güman edərək hadisə yerindən qaçırlar. Ancaq Nəsirov sağ qalır.
Keçmiş rəisin həmkarlarının dediyinə görə, Nəsirov o vaxtlar “QAZ-24” markalı avtomobilini çəkinmədən ora-bura sürən tək-tük cavan polislərdən idi. Sovet dövründə bədxərclik, sui-istifadə halları kəskin şəkildə məzəmmət olunurdu, hətta cəzalandırılırdı. Ancaq Nəsirovda tam fərqli vəziyyət idi. Çünki atası – Vəli Nəsirov tanınmış azərbaycanlı professor idi. Elm sahəsindəki nailiyyətlərinə görə dövlət Nəsirova “QAZ-24” markalı avtomobil bağışlayıb. Bu isə partiyanın rayon komitəsinin diqqətindən kənarda qalmayıb.
1985-ci ildə Orconikidze Suraxanı raykom partiyasının ikinci katibi Vaqif İsgəndərov polis əməkdaşlarının iştirakı ilə iclas keçirir. Orada asayiş keşikçilərinin bahalı avtomobillər sürməsinin başucalıq gətirən hal olmadığını bildirib. Deyib ki, sadə vətəndaşları bu mənzərə qıcıqlandırır, onlar həmin avtomobilin cinayət yolu ilə əldə olunduğu ilə bağlı bədgümana düşür. Ancaq Nəsirov onun bostanına atılmış daşı cavabsız qoymur. Ayağa qalxaraq, işə gəlib-getdiyi avtomobilin onun halal zəhməti ilə qazanmış atasına məxsus olduğunu dilə gətirir. Avtomobili ona sıradan bir məmur yox, respublika rəhbərliyi elmi xidmətlərinə görə hədiyyə edib.
Bu arada, Nəsirova qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq iki il ərzində heç bir nəticə verməyib. İş üzrə əvvəl Nəsirovun həmkarı M.C. şübhəli şəxs qismində saxlanılsa da, sonradan bəraət alıb və sərbəst buraxılıb.
20 dekabr 1988-ci ildə Bakının keçmiş Lenin rayonu (Sabunçu) ərazində yerləşən sənaye binasına basqın olur. Quldurlar zor tətbiq etməklə kassir Korolyovadan içində pulla dolu çantanı oğurlayaraq, hadisə yerini tərk ediblər.
5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər “Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi təqib edib və “Naqan” tipli tapançadan dörd əl atəş açmaqla onu qətlə yetiriblər.  

Bu, sovet Azərbaycanının ilk sifarişli qətllərindən biri sayılır. Məsələ ondadır ki, zavod rəqiblər arasında mübahisə predmeti olub. Direktoru aradan götürmək üçün kimlərsə “Qurbaşı” dəstəsinə çıxıb və Şirəliyevin qətli üçün iri məbləğdə pul təklif edib.
İstintaqın gedişində kriminalistlər belə bir nəticəyə gəlib ki, Nəsirov və Şirəliyevə eyni tapançadan atəş açılıb. Törədilən sui-qəsddən beş gün sonra izlər müstəntiqləri dəstə üzvlərinə gətirib çıxarıb. Yeri gəlmişkən, Şirəliyevin qətli Quliyevə qarşı irəli sürülmüş əsas ittiham olub. Halbuki sonuncu onu qətlə yetirmədiyinə əmin edir.
İş üzrə materiallara əsasən, Quliyev “KQB” (Dövlət Təhlükəsizlik Komitəsi) əməkdaşı adı altında pivə zavodunun ərazisində olub. O qədər mahiranə şəkildə cildə girib ki, bütün işçilər ona inanıb. O, zavodun bütün giriş-çıxışlarını, iş qrafikini, risk dərəcəsini araşdırıb və başa düşüb ki, planlaşdırılan sui-qəsdi müəssisənin ərazisində həyata keçirmək olmaz. Şirəliyevi özünün bağ evinin yaxınlığında güllələyiblər.
Bir nömrəli “qanqster”, Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov “Qurbaşı” dəstəsinin üzvünə hücum çəkib, onun qabırğasını sındırmaq üçün masaya qalxdı...
Quliyev 11 sentyabr 1989-cu ildə həbs olunub. Zeynalov istintaq tədbirləri zamanı Quliyevin qətlləri etiraf etməsi üçün ona işgəncələrin verildiyini bildirib. Nəticədə, onun bir qabırğası sınıb, böyrəyinin biri zədələnib. 26 dekabr 1989-cu ildə intihara cəhd edib. Özünü Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında asmağa çalışıb, vaxtında müdaxilə edildiyindən onu xilas etmək mümkün olub.
Maraqlıdır ki, Quliyevə verilən işgəncələrdə bir nömrəli “qanqster”, 10 mart 2005-ci ildə “Qara Kəmər” adlı xüsusi əməliyyatın gedişində saxlanılmış və sonradan ömürlük azadlıqdan məhrum edilmiş (2017-ci ildə kamerada özünü asıb) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov da iştirak edib
Eldar Zeynalovun sözlərinə görə, Quliyev ona işgəncə verən Məmmədovu 2005-ci ildə qəzet baş səhifələrində şəkillərinin çıxmasından sonra xatırlayıb. Quliyev bu barədə aidiyyəti strukturlara göndərdiyi şikayətlərdə yazıb, hətta Məmmədovun ona hansı işgəncələr verdiyini göstərib.
“Orada diqqət çəkən bir hal var idi. Quliyevi qandallayaraq döşəməyə uzatmışdılar. Hacı Məmmədov onun üzərinə çıxıb, qabırğasını sındırmaq üçün masanın üzərinə qalxmışdı. Elə alındı ki, həmin an masanın bir ayağı əyildi, nəticədə, Məmmədov yıxıldı və öz ayağı çıxdı. Əməliyyatçı bir neçə gün işə gəlmədi və bu günlər ərzində sistematik işgənclərdən bir qədər dincəldi”, - deyə Zeynalov bildirib.
Quliyevin şikayətinə baxılmasından sonra Hacı Məmmədovun, həqiqətən, Sovet dönəmində “Qurbaşı” dəstəsinin işi üzrə araşdırmanı apardığı ortaya çıxıb. Ancaq onun bütün cinayətləri işgəncələr altında etiraf etməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin olunmayıb.
P.S. Hazırda Azərbaycanda 280 nəfər ömürlük həbs cəzası çəkir.
Onlardan on ikisi artıq 25 ildən çoxdur ki, dəmir barmaqlıqlar arxasındadır. Aralarında 30 il cəza çəkən Quliyev və Paşayev də var.


Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər