Bütün xəbərlər
ŞƏRƏF VƏ LƏYAQƏTİN MÜDAFİƏSİ BARƏDƏ ...
Tarix: 23-04-2019 01:14 | Bölmə: Cəmiyyət

Hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəllələşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. Azərbaycanda son dövrlər aparılan hüquq islahatlar bu sahədə müəyyən irəliləyişlərin olmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının III fəsli əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuşdur. Burada nəzərdə tutulan azadlıqlar çərçivəsində hər bir vətəndaşın azad fikir və düşüncə azadlığı tanınır. Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. «Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir». İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqətin onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Bununla bərabər, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddtiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. ətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavabla həmin ktləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar. Adsız və yaxud təxəllüslə dərc edilən yazılarda şərəf və ləyaqəti ləkələyən məlumatlar olduqda məlumatı dərc edən küləvi informasiya vasitəsi cavabdehlik daşıyır. Məlumat divar qəzetində və ya çoxtiraclı qəzetdə dərc edildikdə cavabdeh kimi məlumatın müəllifi və həmin qəzet orqanı olan hüquqi şəxs işə cəlb edilməlidir.
Kütləvi informasiya vasitəsində yayılmış materallarda redaksiya və müəllifin mövqelərinin üst-üstə düşməməsi redakiyanın məsuliyyətini istisna etmir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar xidməti xasiyyətnamələrdə yazıldıqda xasiyyətnaməni imzalayan vəzifəli şəxs və xasiyyətnaməni verən təşkilat birgə cavabdehlik daşıyır. «Kütləvi informasiya vasitələri haqqında» 21 iyul 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat rəsmi xəbərlərdə olmuşdursa; informasiya agentliklərindən və ya dövlət orqanlarının agentlərindən və ya dövlət orqanlarının, ictimai orqanın mətbuat bölmələrindən alınmışdırsa; Milli Məclisin iclasında deputatların, ictimai birliklərin və siyasi partiyaların qurultaylarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud qanuna uyğun olaraq redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa bu məlumatlara görə kütləvi informasiya vasitələri, habelə curnalist məsuliyyət daşımır. Lakin bu yollarla yayılmış məlumatların da təkzib edilməsi üçün maraqlı şəxslər məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman məhkəmə onlardan məlumat daxil olmuş vətəndaşları və təşkilatları işə cəlb etməli, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsini onların üzərinə qoymalıdır. Kütləvi informasiya vasitəsində istifadə edilən materialda vətəndaşın şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bu barədə işə mütəxəssis cəlb edə bilər.
Vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər. Vətəndaşların işgüzar nüfuzlarının ləkələnməsi ilə əlaqədar onlara vurulmuş mənəvi ziyanın ödənilməsi qaydası hüquqi şəxslər barəsində bu cür məlumatların yayılması hallarında da tətbiq edilə bilər. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Mülki Məcəllənin 23.6-cı maddəsində qeyd edilir ki, «bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq olunur». Bununla fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydalar avtomatik olaraq hüquqi şəxslərə aid edilə bilməz. Mülki Məcəllənin bu maddəsi məhkəmə təcrübəsinə öz mənfi təsirini göstərməkdədir. Hüquqi şəxslər də mənəvi zərərin ödənilməsi tələbini irəli sürürlər, bu da absurddur. Ali Məhkəmə Plenumunun həmin qərarında göstərilmiş «Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi» müddəası da dolaşıqlıq yaradır. Təşkilatın şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hansı iddiası ola bilər? Bu məsələlərin Mülki Məcəllədə xüsusi olaraq ayrı-ayrılıqda verilməsinə, yəni fiziki şəxslərin və hüquqi şəxslərin ayrı maddələrdə verilməsi bu dolaşıqlığı aradan qaldıra bilər. Ümumiyyətlə «işgüzar nüfuz» və onun aid olduğu şəxslərin dairəsi qanunda dəqiqləşdirilməlidir. Məsələn: bunun ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olması fikri geniş yayılıb. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitələrində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər. Şərəf, ləyaqət və işgüzar nüfuz haqqında məsələ, hər şeydən əvvəl, insan hüquqları, onların real təminatı haqqında məsələdir. Hər kəsin şərəf, ləyaqət və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf, ləyaqət və işgüzar nüfuzu konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. İnsanlar öz aralarında ictimai münasibətlərə, yəni mürəkkəb və çoxtərəfli münasibətlərə girdikləri üçün şərəf, ləyaqət və işgüzar nüfuz real olaraq mövcud olur. Şərəf, ləyaqət və işgüzar nüfuz hüququ, vətəndaş və ya hüquqi şəxsin mənəvi, işgüzar və digər cəhət və xassələrinin özünüqiymətləndirməsi hüququdur ki, cəmiyyətdə bu şəxslərin mövqeyi onlardan asılıdır. Vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsi haqqında tələblər qeyri-əmlak xarakteri daşıdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq onlara iddia müddəti aid edilmir. Lakin iddiaçı şərəf və ləyaqətinin ləkələnməsi ilə əlaqədar ona vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürdükdə, bu tələbə qanunvericilikdə müəyyən olunmuş ümumi iddia müddəti şamil edilir. İddiaçı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə birlikdə və yaxud müstəqil olaraq cavabdehdən mənəvi ziyanın tutulması barədə məhkəmədə iddia qaldırdıqda bu cür iddia ərizələrində dövlət rüsumu iddiaçının tələb etdiyi məbləğdən aılı olmayaraq qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş miqdarda tutulmalıdır.
( MÖVZU İLƏ BAĞLI MARAQLANDIĞINIZ MƏQAMLARLA BAĞLI PROFİLİN MESAJ HİSSƏSİNƏ, 050 313 87 83 SAYLI MOBİL NÖMRƏYƏ MÜRACİƏT EDİB MƏSLƏHƏT ALA BİLƏRSİNİZ. )
Vəkil Röşən Qasımov


Baxış sayı: 1 988


Bölməyə aid digər xəbərlər