Bütün xəbərlər
İnsan və mənəviyyat -Qorxmaz Paşayev
Tarix: 16-05-2020 14:22 | Bölmə: Cəmiyyət
Bildiyiniz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə: materialistlər və ruhçuların nəzərləri mövcuddur. Ruhçuların fikirincə, insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur. Bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir. İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mənəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər verir və onu şəxsiyyət kimi formalaşdırır. İnsanın insanlığı da məhz bu işlərə bağlıdır. Belə ki, əgər bunlar insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yəni bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq deyil. Sədi bu mətləbi öz şeirində belə açıqlayır. Şeirin məzmunu bu cürdür: İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı? Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mənaların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insanı dəyərləndirən və onu şəxsiyyət edən, onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini göstərən şeylərə "insani dəyərlər" deyilir. Elə məhz bu dəyərlərə insan sahib olmaq üçün öz mənəviyyatına fikir verməlidir. Necə ki, insan öz maddi ehtiyaclarına önəm verir. İnsanın mənəvi ehtiyacları da vardır ki, onları da qarşılamalıdır. Əgər bu ehtiyaclardan birinə önəm verib digərini düşünməzsə əsl mahiyyət və həqiqətindən uzaqlaşmış olar. Biz nəzər saldıqda görürük ki, insana ümumi olaraq "adam" və xüsusi olaraq "insan" deyə müraciət olunan iki kəlmə var. Əvvəldə də qeyd etdiyimiz kimi dili, qulaqları, burnu, başı olan adamdır. Amma insan anlayışı isə bunların fövqündədir. İnsan Qurani-Kərimin və hədislərin dediyi kimi ali bir varlıqdır. O varlıq ki, onda mənəviyyat çeşmələri aşıb daşır. Həmin o insan ki, cəmiyyət onun əlindən, dilindən və belindən heç bir pislik görmür, getdiyi hər bir yerə işıq saçır, daxil olduğu hər bir məclisdə təbəssüm yaradır, dünyada olması cəmiyyət üçün faydalı və xeyirlidir, köçməsi isə faciədir. Məhz bu cür insanlar cəmiyyətləri xilas edə bilərlər. Eyni zamanda cəmiyyətdəkilərində borcudur ki, o insanların dəyər və qiymətini bilsin. Onlara qayğı göstərib qorusun. Bu sadaladıqlarımıza çatmaq üçün insan gərək daim öz üzərində çalışsın. Çünki Quran məntiqində də bu var ki, insan bir işdən yoruldusa məşğuliyyətini dəyişsin, yəni dayanmasın daim hərəkətdə olsun. Bu cür mənəvi dəyərlərə çatmaqdan ötrü Allah bizə həyatımız boyunca fürsətlər verir. Onlardan ən mühümü Ramazan ayının hikməti və savabıdır. Hal-hazırda günlərini yaşadığımız Müqəddəs Ramazan ayı mənəviyyat ayıdır. Bu bir fürsətdir ki, insan özünü mənəvi cəhətdən inkişaf etdirsin. Necə ki, idman edərək öz cismini gücləndirir. Bu ay fürsət ayıdır ki, ruhumuzu gücləndirək, ətrafımıza yaxşılıqlar edək, paylaşmağı öyrənək, içərimizdə olan kin, küdurət, paxıllıq və bəzi xoşagəlməyən hissləri atıb yerinə sevgi, mərhəmət, məhəbbət və şəfqət dolduraq. Bu ay bizlərə fürsət verir ki, əsl ləzzət nədir onu dadaq. Ramazan mənəviyyatımızı, mənəvi əhval-ruhiyyəmizi yüksəltməyə bir vasitədir. Sonda əziz oxucular bunu qeyd etmək istəyirəm ki, əgər mənəvi dəyərlərə çatmaq istəyiriksə, gəlin həmin dəyərlərə vaxt ayıraq.
Qorxmaz Paşayev ilahiyyatçı,
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması
İctimai Birliyinin sədr müavini


Baxış sayı: 991


Bölməyə aid digər xəbərlər